Rossi-Forel şkalası
Rossi-Forel şkalası — zəlzələ intensivliyi şkalası. XIX əsrin ortalarında İsveçrədə və İtaliyada zəlzələlərin gücünü qiymətləndirmək üçün istifadə olunub.
== Haqqında ==
Hələ zəlzələlərin alət (instrumental) üsulu ilə müşahidəsi olmayan dövrlərdə müxtəlif zəlzələləri bir-biri ilə intensivliklərinə görə müqayisə etmək üçün onların Yer səthindəki təzahürlərini (dağıntıları, zədələri və s.) əsas götürürdülər. Əslində bu müqayisədə insan hissiyatına əsaslanan çox böyük subyektivlik və qeyri-müəyyənlik var idi. Məsələn, insanlar onların evlərini ciddi zədələyən zəlzələni, yüngül hiss olunan zəlzələdən güclü hesab edirdilər. Halbuki, daha güclü zəlzələ sadəcə uzaq olduğuna görə zəif hiss edilə bilərdi. Bütün bunlara baxmayaraq, hələ XIX əsrin ortalarından başlayaraq zəlzələləri insan hissiyatına, fiziki obyektlərə vurduğu ziyana, ətraf geoloji mühitə vizual təsirinə görə təsnifləşdirməyə cəhdlər edilirdi. Həmin əsrin sonlarında İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı.
Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası italiyalı Mişel Stefano Konte de Rossi və isveçrəli Fransua-Alfons Forel tərəfindən hazırlanmışdır. Rossi-Forel (RF) şkalasına görə, seysmik titrəyişlər intensivliklərinə görə 10 dərəcəyə bölünürlər.